Motor yağı almaq üçün mağazaya gələn sürücülərin ən çox verdiyi sual budur: "5W-30 götürüm, yoxsa 5W-40?" Qabın üzərindəki bu rəqəmlər yağın özlülüyünü göstərir. Düzgün özlülük mühərrikin ömrünü uzadır, səhv seçim isə yeyilməyə və artıq yanacaq sərfinə səbəb olur.
Bu yazıda 5W-30, 5W-40, 10W-40 kimi yazıların nə demək olduğunu, aralarındakı fərqi və Azərbaycan iqlimində hansını seçməyin daha doğru olduğunu sadə dillə izah edirik.
Motor yağının özlülüyü nədir?
Özlülük yağın nə qədər qatı və ya duru olduğunu, yəni necə axdığını göstərir. Bal qatı, su isə durudur. Motor yağı bu ikisinin arasında bir yerdə olmalıdır.
Yağ soyuqda qatılaşır, istidə isə durulaşır. Ona görə yaxşı motor yağı iki işi birdən görməlidir:
- Soyuq start zamanı tez axmalı və bir neçə saniyə ərzində bütün hissələrə çatmalıdır. Mühərrik yeyilməsinin böyük hissəsi məhz start anında baş verir.
- İşlək temperaturda (təxminən 90–100 °C) çox durulaşmamalı və metal hissələr arasında qoruyucu təbəqə saxlamalıdır.
Bu göstəricilər beynəlxalq SAE standartı ilə müəyyən olunur və qabın üzərində "5W-40" kimi yazılır.
5W-40 yazısını necə oxumalı?
5W-40 yazısını üç hissəyə bölək:
- 5 (birinci rəqəm): yağın soyuqda necə axdığını göstərir. Rəqəm nə qədər kiçikdirsə, yağ soyuqda o qədər duru qalır və mühərrik daha asan işə düşür. 0W ən yaxşı soyuq start, 20W isə ən zəif soyuq start deməkdir.
- W: ingiliscə "Winter", yəni "qış" sözünün ilk hərfidir. Bu, yağın qış şəraitinə uyğun olduğunu bildirir. W hərfi "weight" (çəki) demək deyil, bu, geniş yayılmış səhv fikirdir.
- 40 (ikinci rəqəm): yağın işlək temperaturda, təxminən 100 °C-də nə qədər qatı qaldığını göstərir. Rəqəm böyükdürsə, yağ istidə daha qatı qalır və daha qalın qoruyucu təbəqə yaradır.
Sadə nümunə: 5W-30 və 5W-40 soyuqda eyni cür axa bilir, ikisinin də birinci rəqəmi 5-dir. Fərq istidədir: 5W-40 işlək temperaturda 5W-30-dan bir az qatı qalır. Bu fərq haqqında daha ətraflı 5W-40 motor yağı yazımızda oxuya bilərsiniz.
Ən çox yayılmış özlülüklər və harada istifadə olunur
Aşağıdakı cədvəl ümumi istiqamət verir. Son qərar həmişə avtomobilinizin istismar kitabçasına görə verilməlidir.
Özlülük | Xarakteri | Adətən hansı mühərriklər üçün |
|---|---|---|
0W-20 | Çox duru, yanacaq qənaəti | Müasir yapon və koreya avtomobilləri, hibridlər |
5W-30 | Duru, universal | Müasir benzin və dizel mühərriklər, çox modelə uyğundur |
5W-40 | Orta, istiyə davamlı | Avropa avtomobilləri, turbo mühərriklər, isti iqlim |
10W-40 | Bir qədər qatı | Yürüşü çox olan avtomobillər, köhnə mühərriklər |
15W-40 | Qatı, ağır iş üçün | Yük maşınları, avtobuslar, kommersiya dizelləri |
20W-50 | Çox qatı | Köhnə mühərriklər, çox isti şərait |
Motor yağları kataloqumuzda Gazpromneft, G-Energy, Kroon-Oil və Prior markalarının bütün bu özlülüklər üzrə məhsullarını tapa bilərsiniz.
Azərbaycan iqlimində hansı özlülüyü seçməli?
Azərbaycanın əksər bölgələrində qış mülayim, yay isə çox isti keçir. Bakıda temperatur yayda tez-tez 35–40 °C-yə qalxır, şəhər tıxaclarında isə mühərrik daha çox qızır. Bu səbəbdən yağın istiyə davamlılığı, yəni ikinci rəqəm xüsusilə vacibdir.
- Yeni və müasir avtomobillər: istehsalçı nə tövsiyə edirsə, onu seçin. Adətən bu, 0W-20 və ya 5W-30 olur. Müasir mühərriklərin dar yağ kanalları məhz duru yağ üçün hesablanıb.
- Turbo mühərrikli Avropa avtomobilləri: çox vaxt 5W-30 və ya 5W-40 tövsiyə olunur. Bu halı qab üzərindəki VW 504.00/507.00 və ya MB 229.51 kimi istehsalçı təsdiqlərinə də diqqət edin.
- Yürüşü 200 000 km-dən çox olan avtomobillər: ustanın məsləhəti ilə 10W-40 düşünülə bilər. Belə mühərriklərdə bir qədər qatı yağ yağ sərfini azalda bilər.
- Yük maşınları və kommersiya dizelləri: adətən 15W-40 istifadə olunur.
Qayda sadədir: əvvəlcə istismar kitabçasına baxın. Kitabçada bir neçə variant varsa, Azərbaycanın isti yayı üçün ikinci rəqəmi bir pillə yüksək olanı seçmək olar, məsələn 5W-30 əvəzinə 5W-40.
Səhv özlülük seçilərsə nə baş verir?
Yağ lazım olandan qatıdırsa:
- soyuq start zamanı yağ hissələrə gec çatır və ilk saniyələrdə yeyilmə artır;
- mühərrik daha çox güc sərf edir, yanacaq sərfi artır;
- müasir mühərriklərdə hidrokompensatorlar və turbo kifayət qədər yağlanmaya bilər.
Yağ lazım olandan durudursa:
- isti havada və yük altında qoruyucu təbəqə incləşir;
- yağ sərfi artır, çünki yağ yanıb gedir;
- köhnə mühərriklərdə yağ təzyiqi düşə bilər.
Özlülük yağ seçiminin yalnız bir hissəsidir. Yağın tipi də vacibdir, bu barədə mineral və sintetik yağlar haqqında yazımızda oxuya bilərsiniz. Səhv motor yağı istifadəsinin digər nəticələrini isə ayrıca bələdçimizdə izah etmişik.
Tez-tez verilən suallar
5W-30 ilə 5W-40-ı qarışdırmaq olar? Təcili hallarda eyni tipli (məsələn, hər ikisi sintetik) yağı az miqdarda əlavə etmək olar. Amma bu daimi həll deyil, növbəti dəyişmədə yağı tam bir özlülükə keçirin.
Qışda və yayda fərqli yağ tökmək lazımdır? Xeyr. 5W-30, 5W-40 kimi "universal" yağlar bütün il boyu işləmək üçün hazırlanıb. Azərbaycan şəraitində mövsümə görə dəyişməyə ehtiyac yoxdur.
Qatı yağ mühərriki daha yaxşı qoruyur? Həmişə yox. Müasir mühərriklər duru yağ üçün layihələndirilib və orada qatı yağ əksinə zərər verə bilər. Ən yaxşı qoruma istehsalçının tövsiyə etdiyi özlülükdədir.
Özlülüyümü harada tapa bilərəm? Avtomobilin istismar kitabçasında, bəzən isə mühərrik qapağının altında və ya yağ doldurma qapağının üzərində yazılır. Tapa bilmirsinizsə, mağazamızda mütəxəssislərimiz avtomobilin modelinə görə seçimə kömək edəcək.
Nəticə
Motor yağının üzərindəki birinci rəqəm soyuq startdan, ikinci rəqəm isə istidə qorumadan xəbər verir. Doğru seçim üçün əvvəlcə istismar kitabçasına baxın, sonra Azərbaycanın isti iqlimini nəzərə alın.
AvtoProfi Gazpromneft, G-Energy, Kroon-Oil və Prior markalarının Azərbaycanda rəsmi distributorudur. Avtomobiliniz üçün hansı yağın uyğun olduğunu bilmirsinizsə, satış məntəqələrimizə yaxınlaşın və ya +994 12 488-07-34 nömrəsi ilə əlaqə saxlayın. Mütəxəssislərimiz original məhsulu düzgün özlülükdə seçməyə kömək edəcək.